Fransada yaşayıb-yaratmış Ümmülbanu (Banin) iki məşhur neft milyonçusunun – Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi olub. Fransız dilində qələmə alınmış “Qafqaz günləri” avtobioqrafik romanında Banin uşaqlıq illərindən başlayaraq Parisə getdiyi günə qədər həyatında baş verənləri qələmə alıb. Roman son dərəcə səmimi bir dildə yazılıb və heyrət doğuran etiraflarla doludur. Kitabda Baninin ailəsi ilə bağlı xatirələri ilə yanaşı, dövrün mədəni-siyasi hadisələri ilə də tanış oluruq. 1917-ci il inqilabı, Azərbaycan Xalq Cumhuriyyətinin qurulması, erməni-müsəlman qırğını, Qızıl Ordunun ölkəyə daxil olması ilə müstəqilliyimizə son qoyulması, varlıların mallarının müsadirə edilməsi, Azərbaycanda sosializmin inkişafı və yayılması kimi məsələlər bir şahidin dilindən nəql edilir. Kitabın 54-60-cı səhifələrinin tərcüməçisi Çimnaz Vəliyevadır.
Kitabda böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin ailə üzvlərinin – həyat yoldaşının və qızının Cavid haqqındakı xatirələri toplanıb. Bu xatirələr şairin acı taleyinin ağır anlarını bir daha yaşamaqla yanaşı oxucuya, böyük sənətkarın irsinin əbədiliyinə inam hisslərini aşılayır.
“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən təqdim etdiyi yeddinci kitab Məmməd Səid Ordubadinin xatirələrini əhatə edir. “Həyatım və mühitim”də Ordubadi yaşadığı dönəmi detallı şəkildə oxucuya çatdıra bilir. Xatiratı oxuduqca çar hökumətinin məhbəslərində yaşanan faciələri, qadınların başına gətirilən əxlaqsız hərəkətləri, I Dünya müharibəsinin yaşatdığı acıları əhatəli şəkildə görmək olar.
Bu kitabda toplanmış xatirələr ölməz şairimiz Mikayıl Müşfiqin ömür-gün yoldaşı, şəxsiyyətə pərəstiş illərində başı müsibətlər çəkmiş Dilbər Axundzadənin şairlə bağlı qələmə aldığı könül çırpıntılarıdır. Xatirələr həmin dövrün acılarını duymaq və şairin yaradıcılığını öyrənmək baxımından daim öz aktuallığını saxlayır.
“Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, böyük Azərbaycan yazıçısı Mirzə Cəlil Məmmədquluzadənin “Xatiratım”ı “Xatirə ədəbiyyatı” seriyasından dərc etdiyi beşinci kitabdır. Oxuduqca yazıçını əhatə edən proseslər və ədibin müasirləri haqqında heç bir ideoloji təsirə məruz qalmamış məlumatlar əldə edə, dövrün mübahisəli məsələlərindən, dönüş məqamlarından xəbərdar ola biləcəksiniz.
“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən təqdim etdiyi dördüncü kitab Yusif Vəzir Çəmənzəminlinin xatirələrini əhatə edir. Kitabda onun “Bir cavanın dəftəri” və “Həyatımın iyirmi ili” xatirələri dərc olunub. Çəmənzəminli birinci əsəri hekayə kimi qələmə alsa da, əsərin qəhrəmanı özüdür. Bu kitabda siz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Yusif Vəzirin Kiyevdə oxumağa gedənə qədər həyatının bir çox dönəmləri haqqında müfəssəl məlumatlar əldə edə biləcəksiniz.
“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən təqdim etdiyi ikinci kitab Fridrix Bodenştedtin “Mirzə Şəfi haqqında xatirələr” kitabıdır. Kitabda 1844-cü ildə Qafqaz canişini general Netqardtın təklifi ilə Almaniyanın Hannover şəhərindən Tiflisə gələn Fridrix Bodenştedtin “tatar” dilini öyrənmək üçün Mirzə Şəfi ilə görüşməsindən, aralarında yaranan səmimi münasibətdən və Mirzə Şəfinin sevgilərindən, qadınlar haqqında düşüncələrindən və onlara böyük hörmətindən bəhs edilir. Ümumiyyətlə, kitab, bu böyük söz adamı haqqında məlumat almaq və onu az da olsa tanımaq üçün yeganə mənbə hesab edilir.
“Xan” nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyasından nəşr etdiyi ilk kitab görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəfər Cabbarlı haqqındadır. Xatirələrin müəllifi isə yazıçının əmisi qızı və həyat yoldaşı olan Sona xanım Cabbarlıdır. Bu kitabı oxumaqla siz yazıçının həyatının bütün dönəmləri – uşaqlığı, gənclik illəri, yaradıcılığı haqda ətraflı məlumat alacaqsınız. Həm də bu həyatın ən yaxın şahidi olmuş bir xanımın dilindən.
Kitabda dahi rus rejissoru, filmlərilə dünya kinosu tarixində əvəzedilməz iz buraxan Andrey Arseneviç Tarkovskinin öz yazdığı “Martiroloq” adlı gündəlikdən hissələr, o cümlədən, onun haqqında doğmaları, dost-tanışları və iş yoldaşlarının xatirələri yer alıb. Bu yazıları oxumaqla Tarkovskinin çəkdiyi filmlərdən, əzablarla dolu şəxsi həyatıından maraqlı epizodlarla tanış olacaqsınız. Xatirəsini bölüşənlər arasında rejissorun bacısı Marina Tarkovskaya, yaxın dostu, qohumu Aleksandr Qordon, sevgilisi, sevimli aktrisası Nataliya Bondarçuk, məşhur “Güzgü” filminin həmmüəllifi Aleksandr Mişarin, kino xadimləri – Alisa Freyndlix, Kşiştof Zanussi və başqa insanların adı var. Ümidvarıq, dahi Tarkovski haqqında xatirələr incəsənət tarixilə maraqlanan oxucuların da marağına səbəb olacaq.
Bu kitab Efron Ariadnanın anası, rus yazıçı və şairi Marina Svetayeva haqqında xatirələrindən ibarətdir. 1918-ci ildə şəxsi nəşrlərin ləğvi haqqında verilmiş avqust qətnaməsindən sonra Moskvada yaranan ilk və yeganə kitab ticarəti müəssisəsi – Yazıçı dükanında fəaliyyət göstərən B.A.Qriftsov, A.K.Civeleqov, P.P.Muratov, M.A.Osorgin, V.F.Xodaseviç, B.K.Zaytsev, N.A.Berdyayev, Marinanın həyatında iz buraxmış Maksim Qorki, İlya Edenburq, Konstantin Balmont və başqaları haqda fikirlər bu xatirədə yer alır. Marina Svetayevanın qəlb dostu, şair və yazıçı Boris Pasternakın da siyasi həyatının məzmunu kitabın əsas mövzularından biridir. Kitabda bir qadının həm yaradıcılıq sahəsində, həm də ana kimi necə istedadlı olduğundan, eyni zamanda o dövrlərdə baş verən siyasi motivlərlə necə baş çıxardığından bəhs edilir.
“XAN” Xatirə ədəbiyyatı silsiləsində 48-ci kitab olan “Əmim Hamlet” romanı vətəni Sovet İnqilabının kölgəsində qalan bir xalqın yaxın tarixindən və bu əsarətdən canını qurtarmaq üçün ölkəsindən qaçmaq məcburiyyətində qalan insanlardan birinin – yazarın atası Əjdər Babazadənin başına gələn faciələrdən bəhs edir.
“Xatirə Ədəbiyyatı” silsiləsinin 49-cu kitabı olan “Köhnə Bakı”da Azərbaycanın opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, xalq artisti (1932), Azərbaycanın professional musiqi teatrının banilərindən biri Hüseynqulu Sarabskinin (20 mart 1879, Bakı–2 fevral 1945, Bakı) inqilabaqədərki Bakı haqqında xatirələri verilib. XIX əsrin sonu–XX əsrin əvvəllərində xurafata yuvarlanan digər bölgələr kimi paytaxt Bakı şəhəri də xalqı zülmü altında saxlayan fırıldaqçı din xadimlərinin, çar qulluqçularının, şəhər qoçularının və digər feodal ünsürlərin yazılmamış qanunları ilə idarə olunurdu. Daim təqib və təhqir edilən maarifpərvər, ziyalı insanlarsa bu cəhalətlə mübarizə aparmaqda aciz idi. “Köhnə Bakı” kitabında, əsasən, o vaxtkı adət-ənənə və oyunlar haqda geniş məlumat əks olunub.
Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq şairin qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. “Məhəmmədhüseyn Şəhriyar xatirələrdə” kitabı şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdə isə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Tanınmış yazıçı Anarın “Sizsiz” əsəri xatirə-romandır. Bu əsəri oxumaqla yazıçını və onun ailəsini yaxından tanımaq mümkündür. Əsərdə atası Rəsul Rza, anası Nigar Rafibəyli haqqında yazılmış həqiqi hekayələr yer alıb. Anar bu əsərində sevinc, kədər, xəstəlik, vəfa kimi bəşəri mövzularla mədəni dairələrimizdəki ideal və örnək ailənin cizgilərini müəyyən edib. “Sizsiz” – səmimiyyətlə intellektuallığın vəhdətindən yaranan əsərdir.
“General Polad Həşimov xatirələrdə” kitabı 14 iyul 2020-ci il tarixində Tovuz rayonu ətrafında gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov haqqında xatirələrdən ibarətdir. Kitabda şəhid generalın ailə üzvlərindən, yaxınlarından, zabit və əsgər yoldaşlarından götürülən xatirə yazıları yer alıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub və şəhid generalın cəmiyyətə daha yaxından tanıdılması məqsədi daşıyır. Vətənimiz Azərbaycan uğrundan canından keçən bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin ruhuna dərin ehtiramla, “XAN Nəşriyyatı” komandası
Oxuculara təqdim olunan kitab Azərbaycanda XX əsrin əvvəllərində milli dövlətçiliyə aparan yolda cərəyan edən daxili proseslərin, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və həmin vaxt baş verən hadisələrin iştirakçısı olmuş Hacı Mirzə Səlim Axundzadənin mühacirətdə olarkən qələmə aldığı “Xatirat”dır. Müəllif qəflətən vəfat etdiyindən “Xatirat” yarımçıq qalsa da, onda canlı əks olunmuş hadisələrin işıqlandırılması Azərbaycan tarixinin olduqca mühüm olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tədqiq etmək üçün qiymətli mənbədir. Kitab tədqiqatçı alimlər və tarix ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Bu kitabda görkəmli Azərbaycan-sovet yazıçısı, Azərbaycan Xalq yazıçısı Süleyman Rəhimovun xatirələri toplanıb. Ədibin necə kasıb kəndli ailəsindən çıxmasından, min bir zəhmətlə təhsil almasından, XX əsrin əvvəllərində bir çox vəzifələrdə necə işləməsindən, “Şamo” və “Saçlı” romanlarının necə yaranmasından bəhs edən “Həyat yolu” kitabını onun on cildlik külliyyatı üçün yazdığı müqəddimə də saymaq olar.
Kitabda Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, tanınmış pedaqoq Nadir İsrafilovun ta uşaqlıqdan indiyə kimi xatirələri, keçdiyi həyat yolu işıqlandırılıb. Müəllif əsərdə Azərbaycanda, eləcə də SSRİ-də baş verənləri, vacib hadisələri, təhsilimizin keçdiyi inkişaf yolunu nəql edir, tətbiq olunan yenilikləri, o cümlədən mövcud çatışmazlıqları özünəməxsus üslubda oxucuya çatdırır. Kitab, həmçinin təhsil sahəsində gedən proseslərə işıq tutmaq baxımından vacib mənbə rolunu oynayır.
Kitabda mərhum Xalq şairi Məmməd Arazın çətin, bir o qədər də mənalı, dolğun həyatı ömür-gün yoldaşının dilindən nəql edilir, dövrün ədəbi, sosial-ictimai portreti maraqlı ştrixlərlə oxucuya çatdırılır. Nəşrdə həqiqi ədəbiyyatın qaqrşısına kötük dığırladanlar, eləcə də əsl sənətə qahmar çıxanlardan danışılır. Eyni zamanda ikinci dəfə müstəqillik qazanan dövlətin keçdiyi keşməkeşlərdən, müharibənin yaratdığı problemlərdən söz açılır, bütövlükdə sənətkar ömrü təhlil edilir.
Kitabda Xalq yazıçısı Əzizə Cəfərzadənin müxtəlif illərdə müəllimləri, qələm dostları, elm, incəsənət xadimləri, eləcə də müxtəlif sənət sahibləri və digər tanıdığı şəxslər haqqında yazdığı xatirələri yer alıb. Bu xatirələrin bir hissəsi müxtəlif illərdə ayrı-ayrı mətbu orqanda çap olunub. Bəziləri isə yazıçının Ev Arxivində saxlanılan materiallar əsasında tərtib edilib. Yazıçının xatirələri küll halında ilk dəfə bu kitabda oxuculara təqdim olunur.
Sənədli roman janrında işıq üzü görən bu kitab müharibə mövzusunda Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Süleyman Vəliyevin yaradıcılığına, xüsusilə yazıçının sürgündən əvvəl və sonrakı həyatındakı keşməkeşli illərə işıq salır.
Bu kitabda Türkiyənin ən böyük nasirlərindən biri sayılan Orxan Kamal, Türkiyənin ən böyük şairlərindən olan Nazim Hikmətlə birgə 3 il yarım müddətdə həbsxanada keçən ağır, çətin, eyni zamanda tarixi günlərini qələmə alıb. Bir yazıçının, öz məhbəs yoldaşı, həmkarı, qələm dostu haqqında belə bir kitab yazması dünya ədəbiyyatında az rast gəlinən, müstəsna bir haldır. İnsanı, onun yaşamını hər şeydən uca tutan yazıçı Orxan Kamal, insanı hər şeydən yüksək qiymətləndirən şair Nazim Hikmətin həyatının başqa kitablarda yer almayan, bilinməz tərəflərini və dəhşətli faktları oxuculara bəlli edib.
Kitabda mühacir şair Almas İldırım haqqında xatirələr toplanıb. Xatirələrdə şairin Azərbaycanda, İranda, Türkmənistanda, Türkiyədə yaşadığı dönəmə aid nadir materiallar təqdim edilib, arxiv materialları əsasında yeni bilgilər verilib. Kitabda həmçinin Almas İldırımın məktubları, fotoşəkilləri yayımlanıb.
Mir İsmayıl Seyidzadə 1918-ci ildə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi. “Bakı rüzgarı” onun bir ömür parçasının – uşaqlığından gənclik dövrünə kimi keçdiyi ömür yolunun kitabıdır. Kitabı oxuduqca, o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən xatirələr göz önünə sərilir. Bilmədiyimiz bir çox tarixi hadisədən, xüsusilə 1910-1930-cu illər arasında Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il kommunist inqilabının xalqları necə bir-birinə qatdığından, necə qanlı terror yuvası yaratdığından bəhs edən bu dəyərli əsər Azərbaycanda ilk dəfə nəşr olunur.